Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya Şurası təsis edilib

14.06.2021

Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının təsis toplantısı keçirilib. Toplantı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması istiqamətində Dövlət Komitəsinin gördüyü işlər barədə məlumat verib və diasporumuzun 44 günlük müharibə dövründə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi fəallığı, dəmir yumruq ətrafında sıx birləşmələrini yüksək qiymətləndirib.
Komitə sədri bildirib ki: “Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması dövlətimizin diaspor siyasətinin prioritet istiqamətlərindəndir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və ordumuzun rəşadəti nəticəsində Qarabağda qazandığımız tarixi qələbə soydaşlarımız arasında təşkilatlanma meyillərini daha da gücləndirib. Bu günlərdə həyata keçirilən “Yaşat” xeyriyyə marafonunda diasporumuzun göstərdiyi fəallıq buna bariz nümunədir və bu hər birimizdə sonsuz qürur hissi yaradıb. Bundan sonra xaricdəki hər bir azərbaycanlı milli maraqlarımızın qorunması, ölkəmizin dünyada tanıdılması, milli-mənəvi dəyərlərimizin təbliği və yaşadılması istiqamətində çalışmalı, koordinasiyalı şəkildə fəaliyyət göstərməlidirlər”.
Toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin son 3 ildəki fəaliyyətinə dair videohesabat təqdim olunub, Azərbaycan diasporunun 44 günlük müharibə dövründəki fədakarlığını və “Yaşat” xeyriyyə marafonunda yaxından iştirakını əks etdirən videoçarxlar nümayiş olunub.
Görüşdə Birləşmiş Krallıqda yaşayan və ölkəmizi layiqincə təmsil edən onlarla soydaşımız iştirak edib. Çıxış edənlər təşkilatlanmanın, lobbiçilik istiqamətində fəallaşmanın əhəmiyyəti, ölkəmizlə bağlı məlumatların qərb və Avropa mediasında işıqlandırılmasının vacibliyi barədə danışıb, Qarabağda qazandığımız qələbənin onlarda böyük ruh yüksəkliyi yaratdığını, Birləşmiş Krallıqdakı Azərbaycan diasporunun bu gündən etibarən daha mütəşəkkil fəaliyyət göstərəcəyini bildiriblər.
4 saatdan artıq davam edən geniş və maraqlı müzakirədə Koordinasiya Şurasının gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparılıb və soydaşlarımızın təklifləri dinlənilib. Müzakirələrin nəticəsi olaraq Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının təsis edilməsi barədə qərar qəbul edilib. Ali Tekin Atalar, Fəridə Pənahova, Murad Nağıyev, Hafiz Baxşəliyev, Savaş Mərəndli, Nərgiz Morrison və Pərvanə Ağazadə Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiriciləri seçilib.
Toplantı diaspor himninin səsləndirilməsi ilə başa çatıb.
Xatırladaq ki, Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya Şurası son 3 ildə xarici ölkələrdə yaranan sayca 13-cü Koordinasiya Şurasıdır. Hal-hazırda 29 ölkəni əhatə edən 13 Koordinasiya Şurası fəaliyyət göstərir.