Dövlət Komitəsinin əməkdaşları Moskvada səfərdə olub

11.06.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Moskvaya səfər edib, bir sıra səmərəli görüşlər keçirib və tədbirlərdə iştirak ediblər.
Paytaxtdakı Kərim Kərimov adına 1583 saylı orta məktəbi ziyarət edən nümayəndə heyəti məktəbin fəaliyyəti ilə tanış olub, təhsildə etnomədəni komponentlərin inkişafı və dəstəklənməsi proqramı barədə ətraflı fikir mübadiləsi aparıblar. Məktəbin direktoru Svetlana Dvoryantseva son 5 ildə qazanılan uğurlardan, həmçinin tədris ocağının fəaliyyət istiqamətlərindən və perspektivlərindən danışıb. Dövlət Komitəsinin nümayəndələri təhsil proqramının inkişafı istiqamətində əməkdaşlığın müsbət nəticələr verəcəyini qeyd ediblər. Məktəbin kitabxanasına və muzeyinə Diasporla İş üzrə Dövlət Komitəsinin hədiyyələri təqdim edilib. Görüşdə Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin sədr müavini Həşim Əliyev də iştirak edib.
Səfər çərçivəsində nümayəndə heyətinin tanınmış ictimai xadim, texnika elmləri doktoru, professor Kamran Rüstəmovla görüşü təşkil edilib. Görüşdə Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər, Rusiya Federasiyasında Azərbaycan diasporunun fəaliyyəti, sosial mediada Azərbaycan həqiqətlərinin təbliğində soydaşlarımızın fəallığı ilə bağlı fikir mübadiləsi aparılıb. Sonda K.Rüstəmova “Diaspor fəaliyyətində xidmətlərinə görə” medalı təqdim edilib.
Daha bir maraqlı və vacib görüş Avrasiya Xalqları Assambleyası baş katibinin birinci müavini Svetlana Smirnova ilə keçirilib və mədəniyyətlərarası kommunikasiyaların inkişafı sahəsində birgə əməkdaşlıq planları, beynəlxalq layihələrdə iştirak məsələləri müzakirə edilib. S.Smirnova Avrasiya Xalqları Assambleyası ilə Avrasiyanın müxtəlif ölkələrindən olan tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, inteqrasiya proseslərinin gücləndirilməsi, mədəni-humanitar və iqtisadi əməkdaşlığın, millətlərarası və dinlərarası dialoqun genişləndirilməsi, biznes tərəfdaşlığının inkişafı sahəsindəki aktiv fəaliyyəti barədə geniş məlumat verib. O, bildirib ki, Avrasiya Xalqları Assambleyası bu istiqamətdə Dövlət Komitəsi ilə geniş dialoqa və qarşılıqlı fəaliyyətə hazırdır.
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları eyni zamanda “Podmoskovye” Moskva vilayətinin milli-mədəni regional muxtariyyətinin 10 illiyinə həsr olunmuş tədbirdə də iştirak edib. Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi, Moskva vilayətinin Ruhanilər İdarəsi, Moskva vilayətinin İctimai Palatası, Rusiya Dövlət Duması, Krasnoqorsk şəhər Administrasiyası nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirin rəsmi hissəsindən əvvəl qonaqlar Azərbaycanla bağlı sərgi ilə tanış olublar. “Podmoskovye” Moskva vilayətinin milli-mədəni regional muxtariyyətinin sədri Elşən İbrahimov muxtariyyətin 10 illik fəaliyyəti, xeyriyyəçilik ənənələri, Rusiya və Azərbaycan münasibətlərinin yaxınlaşmasına və mehriban qonşuluğun inkişafına verdiyi töhfələr, eləcə də burada yaşayan azərbaycanlı gənclərin təhsil imkanları barədə geniş məlumat verib.
Tədbirdə yerli Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədrləri və üzvləri, Krasnoqorsk şəhərinin müsəlman icmasının sədri imam-xatıb İlham Sadıqov, Moskva Vilayəti Dumasının elm, mədəniyyət və turizm üzrə komissiyasının sədri Oleq Rojnov, Moskva vilayətinin Sosial Kommunikasıya Baş idarəsinin milli və dini birliklərlə iş üzrə şöbə müdiri Vitaliy Zamaraxin, müxtəlif ictimai təşkilatların nümayəndələri, Moskva vilayətinin fəxri sakinləri, Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin üzvləri çıxış ediblər.
Dövlət Komitəsinin nümayəndəsi Ruslan Quliyev Komitə sədri Fuad Muradovun təşkilatın yubileyi münasibətilə ünvanladığı təbrik məktubunu diqqətə çatdırıb. Yubiley mərasimi incəsənət ustalarının ifaları ilə başa çatıb.
Moskva vilayətinin Krasnoqorsk şəhərində “Rusiya-Azərbaycan işgüzar əlaqələrinin gücləndirilməsində Rusiya Federasiyasının Milli Muxtariyyətlərinin rolu” mövzusunda keçirilən dəyirmi masa da səfər çərçivəsində yaddaqalan görüşlərdən olub. Qonaqlar 28 may Respublika günü ilə bağlı çıxış edib, ADR qurucularının qısa zaman kəsiyində gördükləri işlərin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıb, Qarabağda qazandığımız tarixi Zəfərə nəzər salıb, Ali Baş Komandanımızın, şanlı ordumuzun və şəhidlərimizin hünər və qəhrəmanlıqlarını bir daha diqqətə çatdırıblar.
Daha sonra Azərbaycan diasporunun mövcud vəziyyəti, inkişaf yolları, eləcə də Rusiya Federasiyasında fəaliyyət göstərən digər xalqların ictimai birlikləri ilə qarşılıqlı əməkdaşlıq və anlaşma məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Dəyirmi masa yekunlaşdıqdan sonra Krasnoqorsk şəhərində fəaliyyət göstərən “Arxangelskoe” Dövlət Bağ-muzeyinə ekskursiya təşkil edilib.
Həmin gün nümayəndə heyəti Rusiya Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (VDNX) Azərbaycan pavilyonunda keçirilən 28 may-Respublika gününə həsr edilmiş görüşün iştirakçısı olub, pavilyonda Azərbaycanın milli-mədəni dəyərlərini əks etdirən əyani vəsaitlərlə tanış olub. Pavilyona hədiyyələr təqdim olunub və gələcək fəaliyyət istiqamətləri müzakirə edilib.