Ukrayna Azərbaycanlıları Ermənistanın cinayətkar davranışını jurnalistlərə təhdid kimi qiymətləndirir

11.06.2021

Ukrayna Azərbaycanlıları Radası Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən yerləşdirilmiş minalar nəticəsində azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun həlak olması ilə bağlı Ukraynanın dövlət orqanlarına və bu ölkədəki xarici təşkilatlara müraciət edib.
Radanın baş katibi Cəlal Hüseynovun imzası ilə Ukrayna Jurnalistlərinin Milli Birliyinin sədri Sergey Tomilenko, Ukrayna Ali Radasının sədri Dmitre Razumkov, Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Aleksandr Merejko, Ukrayna Baş Nazirinin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri Aleksey Reznikov, Avropa Birliyinin Ukraynadakı nümayəndəliyinin başçısı Matti Maasikas, BMT-nin əsirlər üzrə Ali Komissarlığının Ukrayna, Moldova və Belarusdakı regional nümayəndəliyinin rəhbəri Flippo Grandi, BMT-nin Ukraynadakı rezident-koordinatoru Osnat Lubraniyə ünvanlanmış müraciətlərdə 4 iyun 2021-ci il tarixində Kəlbəcər rayonunda baş vermis faciəli hadisə, eləcə də Ermənistanın mina xəritələrini Azərbaycana təhvil verməkdən imtina etməsi nəticəsində 120-dən çox azərbaycanlının işğaldan azad edilmiş ərazilərdə minaya düşərək həlak olduğu və yaralandığı barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, dünya ictimaiyyətinin və Avropanın bir sıra dövlətlərinin mənəviyyatdan və humanistlikdən kənar Ermənistan hakimiyyətinin beynəlxalq öhdəliklərlə bağlı yolverilməz davranışını sükutla izlədiyi və göz yumduğu vaxtda Qarabağda günahsız insanlar və xidməti vəzifələrini yerinə yetirən jurnalistlər həlak olurlar.
Ermənistanın terrorçu davranışının Azərbaycan hökumətinin dəvətilə işğaldan azad edilmiş ərazilərə səfər edən xarici dövlətlərin rəsmiləri və jurnalistləri üçün də təhdid olduğu nəzərə çatdırılıb. Belə yanaşmanın Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması imkanlarını qeyri-reallığa çevirdiyinə diqqət cəlb edilib.
Ukrayna Azərbaycanlıları Radası ölkə və dünya ictimaiyyətini Ermənistan hakimiyyətinin antihumanist siyasətini qəti şəkildə pisləməyə, beynəlxalq hüquq çərçivəsində rəsmi İrəvanı öz öhdəliklərini yerinə yetirməyə məcbur etmək məqsədilə qətiyyətli addımlar atmağa çağırıb.