"Bərdə nə gözəldir, necə qəşəngdir" adlı ədəbi-bədii tədbir keçirilib

10.06.2021

"Beynəlxalq Azərbaycalı Xanımlar Klubu"nun və Bərdə diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş onlayn formatlı ədəbi-bədii tədbir keçirilib.
"Bərdə nə gözəldir, necə qəşəngdir" adlı tədbiri giriş sözü ilə "Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu"nun rəhbəri Kəmalə Ceylinova və Bərdə diyarşünaslıq muzeyinin rəhbəri Mehriban Əliyeva açaraq, klassik Azərbaycan ədəbiyyatının görkəmli xadiminin həyat və yaradıcılığı barədə maraqlı məlumatlar veriblər.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Elvin Əlizadənin moderatorluğu ilə davam edən tədbirdə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev, Almaniyanın Nürnberq şəhərindəki Mədinə Türk İslam muzeyinin direktoru Cəmaləddin Özdəmir, şairə Aysel Fikrət və başqaları çıxış ediblər. Qonaqlar dahi şəxsiyyətin ədəbi irsindən danışarkən "İsgəndərnamə" poemasında Bərdə hökmdarı Nüşabənin öz ağlı və yüksək mənəviyyatı ilə dünyanı fəth edən makedoniyalı sərkərdəni heyran qoyduğuna diqqəti cəlb ediblər.
Nizami Gəncəvinin dəfələrlə öz şeir və qəzəllərində vəsf etdiyi qədim Bərdənin gözəlliyindən bəhs edən videoçarx, Bərdə Asan Xidmət Mərkəzinin və Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin Nizami Gəncəvi yaradıcılığı ilə bağlı hazırladığı səhnəciklər nümayiş etdirilib.
"Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu"nun iki təmsilçisi – Oman Sultanlığında Sultan Qabus Universitetinin fortepiano müəllimi Vüsalə Yusif və kanon müəllimi Şəbnəm Şıxəliyevanin ifasında "Sevgili canan" və "Sənsiz" əsərləri təqdim edilib. Tədbirdə xanəndələr Ülkər Abdullayeva və Sevinc Süleymanzadə, musiqiçilər Aişə Səyyadqızı (saz), Asim Primov (tar), Nigar Rza (fleyta) maraqlı konsert proqramı ilə çıxış ediblər.