Misirdəki diaspor təşkilatının rəhbərinə yüksək vəzifə verilib

10.06.2021

Azərbaycan diasporunun tanınmış nümayəndələrinin xarici ölkələrdə müxtəlif vəzifələrə seçilməsi və irəli çəkilməsi davamlı prosesə çevrilməkdədir.
Bu dəfəki xəbər "Vətənpərvər" Misirdə Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, Misir–Azərbaycan Dostluq Cəmiyyətinin təsisçisi və rəhbəri, azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirovla əlaqədardır. Soydaşımız bu ölkədəki Ümumdünya Fətva Evləri və Heyətləri Baş Katibliyinin müşaviri təyin edilib.
Ümumdünya Fətva Evləri və Heyətləri Baş Katibliyi 21 ölkənin iştirakı ilə 2015-ci ildə təsis olunub. Hazırda 60-dan çox üzvü olan qurumun elmi və inzibati strukturuna alim və mütəxəssislər daxildir. Qurumun başlıca məqsədi dünya alimlərini və fətva evlərini bir araya gətirmək, dini radikalizm, islamofobiya ilə mübarizə aparmaq, mövcud ümumbəşəri problemləri elmi əsaslarla və dialoq yolu ilə həll etməkdir.
Misirin Baş müftisi Şavki Əlləmin rəhbəri və ilahiyyatçı alim İbrahim Nəcmin Baş katibi olduğu qurumun müxtəlif ölkələrdə filiallarının açılması, birgə elmi konfransların keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, Seymur Nəsirov 26 ildir Misirdə yaşayır. Alim elmi işlərini Azərbaycan və görkəmli azərbaycanlılarla bağlı ərəb mənbələrindəki tədqiqatlara həsr edib.
Diasporla İş üzrə Dövlət Komitəsi soydaşımızı yeni təyinatı münasibətilə təbrik edir və uğurlar arzulayır.