Milli Qəhrəman Albert Aqarunovun doğum gününə həsr olunmuş inşa müsabiqəsinin qalibləri elan edilib

10.06.2021

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum gününə həsr olunmuş "Mən Azərbaycan haqqında nə bilirəm?" adlı inşa müsabiqəsinə yekun vurulub.
Müsabiqə Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvü, Azərbaycan–Amerika Qadın Cəmiyyətinin rəhbəri Minəvvər Vahabovanın təşəbbüsü və təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşdirilib.
İyunun 8-də keçirilən virtual bağlanış mərasimində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunov, Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının İdarə Heyətinin üzvləri Samir Novruzov, Telman Cəlilov, Nərgiz Əliyarlı, Qafqaz Yəhudilər Cəmiyyətinin rəhbəri Yakov Abramov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Lalə İsmayılova, Zaur Salmanov və başqaları iştirak ediblər.
Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda və ermənilərin mina cinayətlərində həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Layihə rəhbəri Minəvvər Vahabova giriş sözü ilə tədbiri açaraq, müsabiqənin keçirilmə səbəblərindən danışıb. Gənclərimizin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə həyata keçirilən layihənin növbəti illərdə də davam etdirilməsinin nəzərdə tutulduğunu bildirib.
Rantik Aqarunov qardaşının xatirəsinə göstərilən yüksək diqqətə, onun doğum günü münasibətilə inşa müsabiqəsinin keçirilməsinə görə təşkilatçılara təşəkkür edib. Tədbirdə Samir Novruzov, Telman Cəlilov, Nərgiz Əliyarlı, Yakov Abramov və Lalə İsmayılova çıxış ediblər. Onlar inşa müsabiqəsinin keçirilməsi təşəbbüsünü alqışladıqlarını bildiriblər və I Qarabağ döyüşlərində igidliklə vuruşan, Şuşa şəhərinin müdafiəsi zamanı həlak olan Albert Aqarunovu qəhrəmanlıq nümunəsi adlandırıblar. Yəhudi əsilli Albertin ölkəmizdə yaşayan hər bir millətin övladı üçün Azərbaycanı sevməyin və onun uğrunda mübarizə aparmağın nümunəsi olduğunu nəzərə çatdırıblar.
Tədbir Albert Aqarunovdan bəhs edən qısametrajlı filmin nümayişi ilə davam edib.
Sonra münsiflər heyətinin üzvləri Kəmalə Rüstəmova və Diana Yusufova müsabiqə barədə məlumat veriblər. Bildirilib ki, müsabiqədə ABŞ, Böyük Britaniya, Norveç, Misir, Azərbaycan və Avstriyadan 10-25 yaşarası gənclər iştirak ediblər. İnşa yazılarında Azərbaycanın dolğun və maraqlı şəkildə təsvir olunduğu, qaliblərin seçilməsində şəffaflıq və ədalət prinsiplərinə üstünlük verildiyi vurğulanıb.
Tədbir müsabiqənin 3 qalibinin adının açıqlanması ilə yekunlaşıb. I yerə Böyük Britaniyadan olan 11 yaşlı Teresa Ulkər Mastallino, II yerə Bakıdan Nuray Hüseynova və III yerə Lea İbrahimov layiq görülüb. Qaliblər müxtəlif mükafatlarla, bütün iştirakçılar isə sertifikatlarla təltif olunublar.