Həmvətənimiz İsveçdəki İnzibati və Miqrasiya məhkəməsinin münsiflər heyətinə üzv seçilib

09.06.2021

İsveçdə yaşayan həmyerlimiz Turan Əliyev Höteborq bölgəsi üzrə İnzibati və Miqrasiya məhkəməsinin münsiflər heyətinin üzvü (jüriman) seçilib.
Ölkənin Mərkəz Partiyasının (Centerpartiet) bölgə üzrə nümayəndəliyi Turan Əliyevə etimad göstərərək, bu vəzifəyə onun namizədliyini irəli sürüb. Västra Götaland bölgə parlamentinin 8 iyun 2021-ci il tarixində keçirilən iclasında soydaşımızın namizədliyi səsvermə yolu ilə təsdiqlənib.
İsveçdə Inzibati məhkəmə sisteminə münsiflərin namizədliyi siyasi partiyalar tərəfindən 4 il müddətinə irəli sürülür və bölgə parlamentində təsdiqlənir. Münsiflər əsas hakimlə birlikdə məhkəmə qərarı qəbul edilməsində bərabər səs hüququna malikdir və hər hökm üzrə hakimlə birlikdə məsuliyyət daşıyırlar.
Qeyd edək ki, Västra Götaland ölkənin ikinci böyük regionu hesab olunur. Bu bölgədə 49 şəhər bələdiyyəsi fəaliyyət göstərir.
Diasporla İş üzrə Dövlət Komitəsi soydaşımızı bu münasibətlə təbrik edir və məhkəmə fəaliyyətində uğurlar arzulayır.