Belarusdakı soydaşlarımız beynəlxalq media qurumlarını Ermənistanın terror aktını pisləməyə çağırıb

09.06.2021

Belarusda fəaliyyət göstərən "Azərbaycan İcmaları Konqresi" Beynəlxalq İctimai Birliyi 4 iyun 2021-ci il tarixində Kəlbəcərin Susuzluq kəndi ərazisində mina partlayışı nəticəsində azərbaycanlı jurnalistlərin həyatlarını itirməsi ilə bağlı beynəlxalq qurumlara və dünya KİV-lərinə müraciət edib.
Birliyin sədri Natiq Bağırovun imzaladığı bəyanatda bildirilib ki, 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi barədə BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsini gözləyən xalqımız ötən il təkbaşına buna nail oldu. Bununla da Cənubi Qafqaz bölgəsində sülhün bərqərar olmasına ümid yarandı. Amma indi Ermənistanın mina xəritələri ilə bağlı yolverilməz davranışı səbəbindən azad edilmiş torpaqlarda günahsız dinc insanlar həlak olur. Üstəlik, sərhəddi pozmaq yolu ilə Azərbaycan ərazilərinə keçməyə cəhd edən erməni diversant qrupları yaşayış məntəqələrinə və yollara yeni minalar yerləşdirməyə çalışırlar.
Mina xəritələrini verməkdən imtina etməklə Ermənistanın beynəlxalq konvensiyaları kobudcasına pozduğunu xatırladan birlik sədri beynəlxalq təşkilatları və media qurumlarını rəsmi İrəvanın təxribatlarını kəskin şəkildə pisləməyə və etiraz səsini ucaltmağa çağırıb: "Bu, təkcə insanların həyatına qəsd deyil, həm də azad sözə və jurnalist fəaliyyətinə qarşı yönəlmiş açıq-aşkar terror aktıdır".