Diaspor könüllüləri Qərb siyasətçilərinə və beynəlxalq təşkilatlara müraciət ediblər
Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü əsasında "Karabakh is Azerbaijan!" Milli Platforması ilə birgə Kəlbəcərdə baş vermiş terror aktına etiraz əlaməti olaraq xüsusi aksiya keçirilib.
Pandemiya qaydaları çərçivəsində təşkil edilən aksiya zamanı könüllülər və platforma üzvləri öz şəxsi elektron ünvanlarından Avropanın müxtəlif ölkələrindəki parlamentarilərə, ABŞ konqresmenlərinə və nüfuzlu beynəlxalq təşkilatlara müraciət ediblər. Müraciətdə 4 iyun 2021-ci il tarixdə xidməti vəzifələrini yerinə yetirən media və dövlət qurumları əməkdaşlarını aparan sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşməsi barədə ətraflı məlumat verilib. Aksiya iştirakçıları 2 jurnalistin və 1 yerli məmurun faciəli şəkildə həlak olması, 4 nəfərin xəsarət alması ilə nəticələnən bu hadisəni insanlığa qarşı terror hadisəsi adlandırıblar.
Aksiya zamanı Qərb siyasətçilərinin və beynəlxalq təşkilatların elektron ünvanlarına ingilis dilində ümumilikdə 100 mindən artıq müraciət göndərilib. Müraciətdə beynəlxalq ictimaiyyətdən Ermənistan hakimiyyətini öz öhdəliklərini beynəlxalq hüquq çərçivəsində yerinə yetirməyə məcbur etmək tələb olunub.
Qeyd edək ki, indiyədək diaspor könüllülərinin və azərbaycanlı gənclərin təşəbbüsü ilə bir sıra aksiyalar keçirilib. Könüllülərin və milli platforma üzvlərinin, eləcə də xaricdə yaşayan azərbaycanlı gənclərin qatıldıqları aksiyalar zamanı Tovuz hadisələri, II Qarabağ savaşı, Xocalı soyqırımının 28-ci və 29-cu ildönümləri ilə bağlı ABŞ, Almaniya, Fransa, İtaliya, İsveç, Norveç, Macarıstan, Türkiyə və Rusiya da daxil olmaqla, ümumilikdə 50-dən çox ölkənin millət vəkillərinə elektron müraciətlər ünvanlanıb.