Diaspor gəncləri beynəlxalq ictimaiyyəti Ermənistanın hərbi cinayətlərinə adekvat cavab verməyə çağırıblar

09.06.2021

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan Diaspor Gənclər Təşkilatları azərbaycanlı jurnalistlərin və yerli məmurun mina partlayışı nəticəsində həlak olması ilə əlaqədar beynəlxalq qurumlara müraciət ediblər.
Azərbaycan Diaspor Gənclər (ADG) şəbəkəsi, Azərbaycan–İtaliya Gənclər Assosiasiyası (AİGA), Mədəniyyətlərarası Əlaqələr üçün Gənclər Birliyi (İtaliya), Azər–Türk Gənclər Təşkilatı (Finlandiya) və Şimali Amerika–Azərbaycan Gənclər Təşkilatlarının (ABŞ) yaydığı bəyanatda Kəlbəcər rayonunun Susuzluq kəndində baş vermiş mina partlayışı nəticəsində 2 nəfəri jurnalist olmaqla 3 nəfərin həlak olması və 4 nəfərin yaralanması barədə ətraflı məlumat verilib. Ermənistanın mina xəritəsini Azərbaycan dövlətinə verməkdən imtina etməsinin beynəlxalq humanitar qanunlara və konvensiyalara zidd olduğu nəzərə çatdırılıb.
Diaspor Gənclər Təşkilatları beynəlxalq qurumları və ictimaiyyəti Ermənistanın mina xəritələrini Azərbaycana təhvil verməsi, təxribatçı hərəkətlərinə son qoyması istiqamətində adekvat addımlar atmağa çağırıblar.
Qeyd edək ki, AIGA tərəfindən italyan dilində hazırlanmış bəyanat İtaliyanın məşhur beyin mərkəzlərinə də göndərilib.