Çin mediasında Nizami Gəncəvinin "Yeddi gözəl" poemasından bəhs edilib

09.06.2021

Çində yaşayan soydaşımız, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin təşəbbüsü ilə bu ölkənin https://mp.weixin.qq.com portalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş məqalə yerləşdirilib.
Universitetin nəzdindəki Asiya kollecinin tələbəsi Sya Yuanın qələmə aldığı məqalədə şairin "Yeddi gözəl" poemasından söhbət açılıb. Qeyd edilib ki, "Yeddi gözəl" qüdrətli söz ustadının möhtəşəm "Xəmsə"sinə daxil olan 5 əsərdən biridir. Romantizmlə dolu poemada bəzi xalqların nağıl və əfsanələrinin cəmləşdiyi də vurğulanıb. Bunların arasında Çin şahzadəsinin "Xeyir və Şər" rəvayətinin olduğuna diqqət cəlb edilib və bu barədə ətraflı məlumat verilib.
Məqalənin sonunda "Xeyir və Şər" animasiya filminin videosu çin dilində təqdim olunub. Səhifənin dizayn tərtibatı məqalə müəllifinin kollecdəki tələbə həmkarı Li Yuyşana məxsusdur.
Məqaləni daha ətraflı aşağıdakı linkdən oxumaq mümkündür:
https://mp.weixin.qq.com/s/6Ng_0JhMTrMjWm5F5sH_hQ