Lüksemburqdakı soydaşlarımız beynəlxalq ictimaiyyəti Ermənistanın əməllərinə sərt reaksiya göstərməyə çağırıb

09.06.2021

Ermənistanın mina cinayətinin qurbanı olan azərbaycanlı jurnalistlərlə bağlı beynəlxalq təşkilatlara müraciət edən diaspor təşkilatlarının sırasına Lüksemburqda fəaliyyət göstərən "Qarabağ" Azərbaycan–Lüksemburq Mədəniyyət Assosiasiyası da qoşulub.
Avropa Şurası, “Amnesty İnternational”, BMT-nin İnsan haqları üzrə Ali Komissarılığı, "Human Rights Watch" və digər beynəlxalq təşkilat və media qurumlarına ünvanladığı bəyanatda "Qarabağ" Azərbaycan–Lüksemburq Mədəniyyət Assosiasiyası nəzərə çatdırıb ki, 2021-ci il 4 iyun tarixində Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun peşə vəzifələrini yerinə yetirərkən ötən il erməni işğalından azad edilmiş Kəlbəcər rayonu ərazisində minaya düşərək həlak olması Ermənistan hakimiyyətinin cinayətkar mahiyyətini bir daha sübuta yetirir. Bütün beynəlxalq konvensiyalara və əldə olunmuş razılıqlara zidd olaraq 30 ilə yaxın müddətdə işğalçılıq yolu tutmaqla, mina xəritələrini verməkdən imtina etməklə Ermənistan bölgədə sülhün və əmin-amanlığın yaranmasında maraqlı olmadığını göstərir.
Assosiasiya üzvləri beynəlxalq təşkilatları və nüfuzlu media qurumlarını bu məsələ ilə bağlı qətiyyətli və prinsipial mövqelərini bəyan etməyə çağırıb: "Biz, Avropa azərbaycanlıları olaraq, hesab edirik ki, sizin verdiyiniz sərt reaksiya Ermənistanın tutduğu antibəşəri mövqedən əl çəkməsinə əməli töhfə ola bilər".