Neapol-Bakı Assosiasiyası beynəlxalq KİV rəhbərlərini Ermənistanın hərəkətlərini qətiyyətlə pisləməyə çağırıb
İtaliyada fəaliyyət göstərən Neapol-Bakı Assosiasiyasının sədri Cüzeppe Kanilyo və vitse-prezidenti Elnur Camalxanovun birgə təşəbbüsü ilə azərbaycanlı jurnalistlərin faciəli şəkildə həlak olması barədə rəsmi dövlət orqanlarına müraciət edilib.
İtaliya Prezidenti Serco Mattarellaya, ölkə parlamentinə, Xarici İşlər Nazirliyinə və beynəlxalq təşkilatlara ünvanlanan müraciətdə bildirilib ki, 4 iyun 2021-ci il tarixində azərbaycanlı jurnalistləri daşıyan sərnişin avtomobili Kəlbəcərin Susuzluq kəndində minaya düşüb. Mina partlayışı nəticəsində xidməti vəzifələrini yerinə yetirən jurnalistlər və onları müşayiət edən yerli məmur həyatlarını itiriblər.
Qeyd edilib ki, 30 ilə yaxın işğal dönəmində Azərbaycan ərazilərində kütləvi şəkildə minalar yerləşdirən, 10 noyabr 2020-ci il tarixli üçtərəfli sülh razılaşmasına zidd olaraq indiyədək mina xəritələrini rəsmi Bakıya təhvil verməkdən imtina edən Ermənistan rəhbərliyi beynəlxalq konvensiyaları kobudcasına pozmaqda davam edir.
Beynəlxalq KİV-lərin rəhbərlərini Ermənistanın törətdiyi təxribatları qətiyyətlə pisləməyə və etiraz səslərinin eşidilməsi məqsədilə həmrəylik göstərməyə çağıran bəyanat müəllifləri qeyd ediblər ki, bu, təkcə dinc insanların həyatına hücum deyil, həm də azad sözün keşiyində dayanan jurnalistlərin fəaliyyətinə qarşı yönəlmiş dəhşətli terror aktıdır. "Ümid edirik ki, dünya KİV-ləri bu məsələyə səssiz qalmayacaqlar. Biz həm də dünya birliyini beynəlxalq hüquq normalarını kobudcasına pozan Ermənistanın hərəkətlərini qınamağa çağırırıq", - deyə əlavə edilib.