Texas mediası azərbaycanlı icmasının Hyustondakı etiraz aksiyasından yazıb

08.06.2021

ABŞ-ın Texas ştatının https://texas.statenews.net xəbər saytında azərbaycanlı icmasının Ermənistanın mina xəritələrini Azərbaycana təhvil verməməsinə, Kəlbəcərdə mina partlayışı nəticəsində azərbaycanlı jurnalistlərin və yerli məmurun həlak olmasına etiraz əlaməti olaraq 6 iyun tarixində Hyuston şəhərində aksiya keçirməsi barədə məlumat yerləşdirilib.
Məlumatda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası idarə heyətinin üzvü, Amerika–Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzovun fikirlərinə yer verilib. Aksiyanın keçirilmə səbəbləri barədə ətraflı məlumat verən mərkəz rəhbəri qeyd edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi mina xəritələrini gizlətməklə hərbi cinayətlər törədir, azərbaycanlıların öz doğma torpaqlarına qayıtmasını ləngidir, Azərbaycan hökumətinin azad edilmiş bölgədə infrastrukturu bərpa etməsinə mane olur. Üstəlik, Ermənistan silahlı qüvvələrinin diversant qrupları Azərbaycanla sərhəddi pozmaqla ölkəmizin yaşayış məntəqələrində və yollarında yeni minalar yerləşdirməyə cəhd edir.
Samir Novruzov bir daha Texas və ABŞ ictimaiyyətini Ermənistan rəhbərliyinin beynəlxalq hüquq normalarına zidd hərəkətlərini, mülki şəxslərin, vəzifələrini yerinə yetirən media əməkdaşları və dövlət məmurlarının terrorizmin qurbanına çevrilməsini pisləməyə çağırıb.
Məlumatı daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://texas.statenews.net/newsr/12228