Kanada azərbaycanlıları beynəlxalq təşkilatları Ermənistanın hərəkətlərini qətiyyətlə pisləməyə çağırıb

08.06.2021

Kanadanın müxtəlif əyalətlərində fəaliyyət göstərən diaspor təşkilatlarının liderləri Kəlbəcərdə azərbaycanlı jurnalistlərin minaya düşərək faciəli şəkildə həlak olması ilə bağlı nüfuzlu beynəlxalq təşkilatlara müraciət ediblər.
Avropa Parlamenti, Beynəlxalq Sülh İnstitutu, "Human Rights Watch", "Sərhədsiz Reportyorlar", "Freedom House", "Amnesty International", Jurnalistləri Müdafiə Komitəsi, Beynəlxalq İnsan Hüquqları Federasiyası, Avropa Azad Mətbuat və Media Mərkəzi (ECPMF) kimi beynəlxalq təşkilatlara ünvanlanan müraciətdə bildirilib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli sülh razılaşmasına baxmayaraq, Ermənistan bu müqaviləni və beynəlxalq öhdəliklərini kobud şəkildə pozmaqda davam edir. Ermənistan işğaldan azad edilmiş ərazilərdə yerləşdirdiyi minaların xəritələrinin verilməsi barədə Azərbaycanın israrlı tələblərinə məhəl qoymur, diversant qruplarını Ermənistan–Azərbaycan dövlət sərhədlərini pozmağa, Azərbaycan ərazilərindəki, o cümlədən Kəlbəcər rayonundakı yaşayış məntəqələrinə və keçid yollarına yeni minalar basdırmağa təhrik edir. Beynəlxalq qanunlara zidd olan və insanlıqla bir araya sığışmayan bu məkrli hərəkətlər nəticəsində son 7 ay ərzində 120-dən çox günahsız insanın həlak olduğu və yaralandığı nəzərə çatdırılıb.
Növbəti faciəli hadisənin iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində baş verdiyinə və bu dəfə azərbaycanlı jurnalistlərin erməni təxribatının qurbanı olduğuna diqqət cəlb edilib. "Biz dünya mediasının, beynəlxalq və regional jurnalist təşkilatlarının rəhbərlərini Ermənistanın davam etməkdə olan təxribatçı hərəkətlərini qətiyyətlə pisləməyə, etiraz səslərini ucaltmağa çağırırıq", - deyə tələb edilib.
Müraciəti tanınmış menecment, ekspert, beynəlxalq spiker, TEDx məruzəçisi Natella İsazadə, Kanada-Azərbaycan Türk Assosiasiyasının rəhbəri Kəmalə Şiriyeva, Vankuverdə Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Tamella Severcan və "Qarabağ" Azərbaycan dili məktəbinin həmtəsisçisi və baş təlimatçısı Vüsalə Əhmədova imzalayıblar.