Amerika Azərbaycanlıları Şurası və "Pax Turcica" təşkilatı Ermənistandan mina xəritələrini tələb edir

08.06.2021

Amerika Azərbaycanlıları Şurası və "Pax Turcica" təşkilatı "Azərbaycan vətəndaşlarının minalarla öldürülməsini durdurun!" tələbi ilə birgə məktub kampaniyasına başlayıb.
Bu məqsədlə ABŞ Konqresi səhifəsində yerləşdirilən məktubda Amerika Azərbaycanlıları Şurasının rəhbəri Cavid Hüseynov və “Pax Turcica” təşkilatı Ermənistanı azad olunmuş ərazilərdə yerləşdirilən mina xəritələrini verməyə çağırıb.
Məktubda deyilir ki, 2020-ci ilin noyabr ayında əldə olunan atəşkəsdən bəri məğlubiyyətə uğramış Ermənistan silahlı qüvvələri tərəfindən minalanmış Azərbaycan bölgələrində günahsız mülki şəxslərin öldürülməsi davam edir: "2021-ci il iyunun 4-də səhər saatlarında Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkətdə olan çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki nəfər üzvü – Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov, eləcə də rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb. Kütləvi informasiya vasitələrinin məlumatlandırılması məqsədilə Ermənistan rəhbərliyinə azad edilmiş ərazilərdə mina xəritələrinin Azərbaycana təhvil verilməsi üçün təzyiq göstərməyə yönəlmiş fəaliyyət kampaniyasına qoşulmağa dəvət edirik".
Məktub kampaniyasına aşağıdakı link vasitəsilə qoşulmaq mümkündür: https://www.congressweb.com/AAC/7#/7/