Ermənistanın cinayətkar davranışı Finlandiya parlamentinin nəzərinə çatdırılıb
Finlandiyada fəaliyyət göstərən "Azər-Türk" Gənclər Təşkilatı mina partlayışı nəticəsində azərbaycanlı jurnalistlərin və dövlət məmurunun həlak olmasına etiraz əlaməti olaraq Finlandiya parlamentinə və yerli KİV-lərə müraciət edib
"Azər-Türk" Gənclər Təşkilatının sədri, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarovanın imzaladığı müraciətdə II Qarabağ savaşında ağır məğlubiyyətə uğramış Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş Azərbaycan torpaqlarında çox sayda minalar yerləşdirdiyi, amma rəsmi İrəvanın mina xəritələrini Azərbaycana təhvil verməkdən imtina etdiyi barədə müfəssəl məlumat verilib. Ermənistanın beynəlxalq konvensiyalara zidd davranışının öz torpaqlarına can atan mülki azərbaycanlıların, eləcə də vəzifə borclarını yerinə yetirməyə çalışan jurnalistlərin və məmurların həyatına son qoyması ilə nəticələndiyinə diqqət cəlb edilib.
Beynəlxalq Jurnalistlər Federasiyası, Avropa və Mərkəzi Asiyada Jurnalistləri Müdafiə Komitəsi (CPJ) kimi beynəlxalq təşkilatların, ATƏT-in Media Azadlığı Nümayəndəsinin və Avropa Şurasının İnsan Haqları Komissarının, Avropa Parlamentinin bir sıra üzvlərinin, müxtəlif ölkələrdən olan millət vəkillərinin, diplomatların, jurnalistlərin və tanınmış insan haqları müdafiəçilərinin bu insanlığa sığmayan faciədən təəssüfləndiklərini dilə gətirdiklərini xatırladan təşkilat sədri qeyd edib ki, mülki azərbaycanlıların mina qurbanına çevrilməsinə görə Ermənistan tam məsuliyyət daşıyır.
Müraciətdə Ermənistanın beynəlxalq qanuna zidd olan minalaşdırma və terror siyasətinə son qoyulması məqsədilə beynəlxalq səviyyədə qətiyyətli addımların atılması tələb edilib.