"The Tribune" saytı Ermənistanın minaladığı ərazilərdən bəhs edib

08.06.2021

Beynəlxalq https://www.thetribune.com/ xəbər saytında "Azərbaycan Ermənistanla müharibədə qalib gəldi, lakin tərk edilmiş minaların simasında ölümcül bir düşmənlə qarşılaşdı" sərlövhəli məqalə dərc olunub.
Siyasi şərhçi İrina Tsukermanın qələmə aldığı məqalədə qeyd olunur ki, Azərbaycanın 1990-cı illərin əvvəllərindən etibarən işğal altında olan ərazilərini azad etməklə Ermənistan üzərində qəti hərbi zəfər qazandığı vaxtdan yarım ildən çox keçib. Otuz illik işğal dövründə demək olar ki, bu ərazilərdə bütün infrastruktur sistematik olaraq talan edilib və yaşayış üçün yarıtmaz hala gətirilib. Daha ciddi problem çox sayda mina və partlamamış hərbi sursat – kasset bombalar və uzun bir müharibədən qalan digər təhlükələrdir. 2020-ci ilin sonunda Azərbaycan Ermənistan silahlı qüvvələrini işğal olunmuş ərazilərdən çıxardıqdan etibarən bu ərazilərdə minalar və ya digər gizli partlayıcı qurğular nəticəsində ən azı 23 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Məqalədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatı əsasında qeyd edilir ki, 31 may tarixinə qədər 50 partlamamış raket, 7.449 insan əleyhinə mina və 3.643 tank əleyhinə mina, habelə 9.033 partlamamış hərbi sursat – bomba və ya oxşar partlayıcı maddələr zərərsizləşdirilib.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.thetribune.com/azerbaijan-won-war-with-armenia-but-faces-deadly-foe-in-left-over-landmines/