İsrailli jurnalistlər azərbaycanlı həmkarlarının ölümünü terror aktı adlandırıblar

08.06.2021

İsraildə fəaliyyət göstərən "Azİz" İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə Kəlbəcərdə azərbaycanlı jurnalistlərin həlak olmasına etiraz əlaməti olaraq videokonfrans keçirilib.
"İsrailli jurnalistlər etiraz edir!" mövzusunda baş tutan konfransın məqsədi dünyadakı bütün jurnalistlərin, ictimai və dövlət təşkilatlarının, eləcə də xoşməramlı insanların diqqətini erməni terrorçularının dinc insanlara qarşı törətdikləri özbaşınalıqlara və hərbi cinayətlərə cəlb etmək olub.
Tədbirin moderatoru, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman giriş sözündə bildirilib ki, Ermənistanın işğalından azad edilmiş torpaqlarda müharibədən sonrakı yenidənqurma işləri zamanı 140-dan çox insan erməni hərbçilərinin qəsdən yerləşdirdiyi mina partlayışında həlak olub və yaralanıb. Qeyd edib ki, rəsmi Bakının dəfələrlə və israrla çağırışlarına baxmayaraq, Ermənistan hakimiyyəti beynəlxalq konvensiyaları pozaraq mina xəritələrini Azərbaycana təhvil verməkdən imtina edir.
Sonra tədbirdə Kəlbəcərdə azərbaycanlı jurnalistlərin və dövlət məmurunun faciəli ölümü ilə nəticələnən partlayışın baş verdiyi anı əks etdirən video göstərilib.
Konfransda "Azİz" İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova, "Epoxa" qəzetinin baş redaktoru Mark Qorin, "Sputnik" qəzetinin baş redaktoru Lyudmila Karasyova, "KAN-REKA" dövlət radiosunun şərhçisi Viktoriya Dolinskaya, "Kanal24" internet televiziyasının baş redaktoru Səadət Şükürova, "Milli.az" xəbər saytının baş redaktoru Elçin Əlioğlu və AZƏRTAC agentliyinin əməkdaşı Xətai Əzizov çıxış ediblər. Onlar Kəlbəcərdə baş verən faciəli hadisədən hiddətləndiklərini bildiriblər və azərbaycanlı jurnalistlərin, eləcə də 44 günlük müharibənin başa çatmasından sonra indiyədək azad edilmiş torpaqlarda mina partlayışı nəticəsində həlak olmuş bütün azərbaycanlıların ailələrinə başsağlığı veriblər. Tədbir iştirakçıları Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarında minaların yerləşdirilməsini və müharibə bitdikdən sonra da yeni minaların basdırılmasına cəhdlər göstərilməsini insanlığa zidd hərəkət və terror aktı adlandırıblar. Onlar terrorçuların qanuna uyğun olaraq ən ciddi şəkildə cəzalandırılmasına çağırış ediblər.
Konfransın sonunda azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun, eləcə də bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri aşağıdakı linkdən izləmək mümkündür: https://youtu.be/oUXSwocPkHQ