ABŞ-dakı azərbaycanlılar Ermənistanın terrorçu hərəkətlərinə etiraz edirlər
Kəlbəcər ərazisində baş vermiş mina partlayışı nəticəsində azərbaycanlı jurnalistlərin və dövlət məmurunun faciəli şəkildə həlak olması xəbəri ABŞ-da yaşayan soydaşlarımızı hiddətləndirib.
Bu ölkədə fəaliyyət göstərən Amerika Azərbaycanlıları Qadınlar Cəmiyyətinin rəhbəri Münəvvər Vahabova, Yuta–Azərbaycan İcmasının nümayəndələri Əsmər Qarayeva və Faiq Səfərli dəhşətli hadisə ilə bağlı BMT-yə, Avropa Parlamentinin nümayəndəliklərinə, "Human Rights Watch" beynəlxalq hüquq-müdafiə təşkilatına bəyanatlar ünvanlayıblar.
Bəyanatda qeyd edilib ki, dünya, beynəlxalq və regional media qurumları Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində peşə vəzifələrini yerinə yetirən həmkarlarının və onları müşayiət edən dövlət məmurunun ölümünə, 4 nəfərin yaralanmasına laqeyd qalmamalıdır. Dünya birliyi və beynəlxalq ictimaiyyət Ermənistanın davamlı təxribatlarını, beynəlxalq humanitar qanunlara və konvensiyalara zidd olaraq mina xəritələrini verməkdən imtinasını ən kəskin şəkildə qınamalı və etiraz səsini ucaltmalıdır.