Bosniya mediası: "Erməni qüvvələrinin yerləşdirdiyi minada iki jurnalist həlak oldu: növbəti qurban kim olacaq?"

07.06.2021

Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü ilə Bosniyanın https://nova-zora.com xəbər saytında "Erməni qüvvələrinin yerləşdirdiyi minada iki jurnalist həlak oldu: növbəti qurban kim olacaq?" sərlövhəli məqalə yerləşdirilib.
Tanınmış bosniyalı araşdırmaçı-jurnalist Faruk Tucakoviçin qələmə aldığı məqalədə ötən il işğaldan azad edilən Kəlbəcər rayonu ərazisində azərbaycanlı jurnalistlərin və dövlət məmurunun mina partlayışı nəticəsində faciəli şəkildə həlak olduğu, bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin təxribat qrupunun Kəlbəcər bölgəsindəki Yuxarı Ayrım qəsəbəsi tərəfdən Azərbaycan ərazisinə keçməyə cəhd etdiyi, Azərbaycan ordusunun sərhəddəki mövqeyinə gedən tədarük yollarını minalamağa çalışan erməni hərbçilərinin ələ keçirildiyi və s. barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan ictimaiyyəti mina xəritələrini verməkdən imtina edən Ermənistanı dövlət səviyyəsində terror və təxribat törətməkdə, beynəlxalq təşkilatları isə biganəlikdə və hərəkətsizlikdə ittiham edir.
Məqalədə "Yeni nəsil" Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyevin "Mən beynəlxalq ictimaiyyəti və təşkilatları günahlandırıram. Aylar keçib və hələ də minalanmış ərazilərin xəritələrini ala bilmirik" və Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının "Bu yaxınlarda Kəlbəcər bölgəsinə minalar əkildi. Bu o deməkdir ki, Ermənistan dövlət səviyyəsində terror və təxribatla məşğuldur. Beynəlxalq ictimaiyyət bu məsələyə təcili cavab verməlidir" fikirlərinə yer verilib.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://nova-zora.com/mina-podmetnuta-od-strane-armenskih-snaga-ubila-dva-novinara-ko-je-naredna-zrtva/