Avropa azərbaycanlıları beynəlxalq ictimaiyyəti prinsipial mövqe tutmağa çağırıb

07.06.2021

Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Kəlbəcər rayonu ərazisində baş vermiş mina partlayışı nəticəsində azərbaycanlı jurnalistlərin və dövlət məmurunun faciəli şəkildə həlak olması ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər.

Avropa Azərbaycanlıları Konqresi, Benilüks Azərbaycanlıları Konqresi, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi, Avropa Azərbaycanlıları Media Qrupu, “SAF” İsveç-Azərbaycan Mədəniyyət Dərnəyi, Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyi (AZER-DER), Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO), "Bizim səs" və "CAN" diaspor təşkilatları rəhbərlərinin imzaladığı bəyanatlar Avropa Şurası, “Amnesty İnternational”, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan haqları üzrə ali komissarlığı, "Human Rights Watch" və digər beynəlxalq təşkilat və media qurumlarına ünvanlanıb.

Bildirilib ki, 30 ilə yaxın müddətdə işğalçılıq yolu tutmuş Ermənistan indi də mina xəritələrini verməkdən imtina etməklə beynəlxalq hüquqa qəbuledilməz şəkildə meydan oxuyur və bölgədə sülhün, əmin-amanlığın yaradılmasına qarşı çıxır. Ermənistanın beynəlxalq konvensiyalara və humanitar hüquqa həqarətli münasibətinin Azərbaycanda minlərlə mülki və günahsız insanın həyatını təhlükə altına atdığı və ölümünə səbəb olduğu nəzərə çatdırılıb.

Avropa azərbaycanlıları beynəlxalq təşkilatları və nüfuzlu qurumları bu məsələdə qətiyyətli və prinsipial mövqe tutmağa, Ermənistanın yolverilməz davranışını sərt şəkildə qınamağa, rəsmi İrəvanın insanlığa sığmayan siyasətinə son qoyulması məqsədilə əməli addımlar atmağa çağırıblar.