Virciniyanın Aleksandriya şəhərində azərbaycanlı rəssamın sərgisi təşkil edilir

05.06.2021

ABŞ-ın Virciniya ştatının Aleksandriya şəhərində Azərbaycan əsilli amerikalı rəssam Əbülfəz Bahadurinin "Perspectives Solo Show" ("Fərdi şou perspektivləri") adlı sərgisi keçiriləcək.
Pandemiyadan sonra ilk dəfə keçirilən sərgidə rəssamın yaradıcılığında önəmli yer tutan Təbriz şəhərinin tarixi abidələri və mədəniyyət incilərinin əks edildiyi əsərləri nümayiş olunacaq. İyunun 10-da açılacaq sərgi 10 gün müddətində davam edəcək.
Qeyd edək ki, Təbrizdə anadan olan azərbaycanlı rəssam Əbülfəz Bahaduri uşaqlıq illərindən rəsm çəkməyə başlayıb. Bənzərsiz rəng palitrasını əks etdirən əsərləri indiyədək bir çox ölkələrin iri sərgilərində nümayiş olunub.
Xatırladaq ki, Əbülfəz Bahaduri “Paradoks” əsərinə görə Vaşinqtonun Amerika İncəsənət Liqasının Evelin Turner mükafatına layiq görülüb.
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilən rəssam Azərbaycan diasporunun fəal üzvlərindən biridir. 44 günlük Vətən müharibəsi dönəmində ölkəmizin ədalətli və haqlı mövqeyini əks etdirən müsahibələrlə beynəlxalq media və xəbər agentliklərində çıxış edib.
Sərgi barədə ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür:
https://www.abolart.com/event/gallery-art-show/