Sakarya ictimaiyyəti Respublika günü münasibətilə xalqımızı təbrik edib

04.06.2021

Türkiyənin Sakarya şəhərində fəaliyyət göstərən Sakarya–Azərbaycan Kültür və Həmrəylik Cəmiyyətinin sədri Sahib Həşimovun təşəbbüsü ilə 28 may – Respublika gününə həsr olunmuş videoçarx hazırlanıb.
Videoçarxda şəhərin nüfuzlu şəxsləri – Sakarya Tətbiqi Elmlər Universitetinin rektoru Mehmet Sarıbıyık, rektor müavini Hakem Akbulut, Sakarya vilayətinin Gənçlik və İdman idarəsinin müdürü Arif Özsoy, Sakarya valiliyinin vilayət üzrə layihə və sosial tədqiqatlar müdiri Taylan Şanlı, Sakarya vilayətinin Miqrasiya İdarəsinin müdiri Hülya Korkut xalqımızı Azərbaycan Demokratik Respublikasının yaranmasının 103-cü ildönümü münasibətilə təbrik edib və xoş diləklərini çatdırıblar.
Onlar bildiriblər ki, sevincli və üzüntülü günlərini bərabər paylaşan ölkələrimizdə mühüm tarixi günlərə xüsusi həssaslıq və ehtiramla yanaşılır. Azərbaycanla Türkiyənin biri-birilərini dəstəkləməsi ölkələrimizi daha da güclü edir. Türkiyə xalqının 44 gün davam edən II Qarabağ müharibəsi dönəmində Qarabağı düşməndən azad edən Azərbaycanla qürur duyduğu nəzərə çatdırılıb.