"Zaqafqaziya Seyminin dağılmasından sonra Qafqazda siyasi vəziyyət" mövzusunda konfrans təşkil edilib

04.06.2021

Türkiyənin Bandırma 17 Eylül Universitetində fəaliyyət göstərən Qafqaz Tədqiqat Cəmiyyətinin (QTC) təşkilatçılığı ilə 28 may – Respublika gününə həsr olunmuş regional videokonrans keçirilib.
"Zaqafqaziya Seyminin dağılmasından sonra Qafqazda siyasi vəziyyət" mövzusunda təşkil edilən konfrans QTC rəhbəri Yadigar Nağıyevin moderatorluğu ilə gerçəkləşdirilib.
Tədbirdə Qars Qafqaz Universitetinin professoru Selçuk Ural və dosenti Elnur Mikayıl, İstanbul Sabahattin Zaim Universitetindən Dr.Mehmet Ali Bolat, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyə Əhmədova, elmi işçi Vüqar Hacıyev, Qərbi Kaspi Universitetinin "Beynəlxalq münasibətlər" kafedrasının müəllimi Tural Vəlizadə və "Kafdağı Təhsil və Kültür Dərnəyinin" rəhbəri Yusuf Taş məruzə ilə çıxış ediblər.
Məruzəçilər Zaqafqaziya Seyminin yaranmasına və dağılmasına gətirib çıxaran səbəblər, qurumun dağılmasından sonrakı ictimai-siyasi proseslər, Cənubi Qafqazda müstəqillik əldə edən respublikalar haqqında ətraflı məlümat veriblər. Mühüm tarixi proseslərin cərəyan etdiyi dövrdə erməni təcavüzkarlarının və terrorçularının azərbaycanlılara və digər yerli millətlərə qarşı törətdikləri qətliamları faktlarla nəzərə çatdırıblar.