Tatarıstanın Leninoqorsk şəhərində Respublika günü bayram tədbiri ilə qeyd edilib

03.06.2021

Tatarıstan Respublikasının Leninoqorsk şəhərində fəaliyyət göstərən "Birlik" Azərbaycan Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə Leninoqorsk şəhərində Azərbaycan Demokratik Respublikasının 103-cü ildönümünə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.
Günorta saatlarından başlayaraq axşamadək açıq havada davam edən tədbirdə Tatarıstanın xalq artisti Minqol Qaleyev, şəhərin bələdiyyə idarəsi başçısının müavini Sergey Timakov, "Leninogorskneft" FHK NQDİ-nin rəhbəri İrek Xanipov, "Almakay" at mərkəzinin rəhbəri Fərid Nəbiulin, Azərbaycandakı "Tatarıstan" ictimai birliyinin sədr müavini Emin Ramazanov, Tatarıstandakı azərbaycanlıların regional ictimai təşkilatının sədr müavini Ceyhun İsayev və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan "Birlik" təşkilatının sədri Ramiz Məmmədov Azərbaycan diasporu adından qonaqları və şəhər sakinlərini salamlayıb. 28 May 1918-ci il tarixində türk-müsəlman aləmində, ilk dəfə olaraq, məhz Azərbaycanda dünyəvi, demokratik respublikanın qurulduğunu nəzərə çatdırıb. Bələdiyyə idarəsinin rəsmisi Sergey Timakov şəhər meri Raqat Hüsainov və şəxsən öz adından Respublika günü münasibətilə soydaşlarımızı təbrik edib. Bu təbrikə Tatarıstan Azərbaycanlıları Regional İctimai Birliyinin sədr müavini Ceyhun İsayev və Azərbaycandakı "Tatarıstan" İctimai Birliyinin sədr müavini Emin Ramazanov da qoşulublar. "Almakay" at mərkəzinin rəhbəri Fərid Nəbiulin "Birlik" təşkilatına "Arqamak" cinsli tatar atı hədiyyə edib.
Tədbir çərçivəsində təşkil edilən Azərbaycan guşəsi xalqımızın qədim tarixini, zəngin mədəniyyətini əks etdirən suvenirlər, dekorativ-tətbiqi sənət nümunələri və fotomateriallarla bəzədilib.