Cümhuriyyət qurucusu nəslinin Qırğızıstanda yaşayan davamçısının 90 yaşı tamam olub

02.06.2021

Qırğızıstan Azərbaycanlılarının "Azəri" İctimai Birliyi və Qırğızıstan Xalqları Assambleyası bu ölkənin Kant şəhərində yaşayan soydaşımız Flüra Almaz qızı Şıxlinskayanı 90 illik yubileyi münasibətilə təbrik edib.
AZƏRİ İctimai Birliyinin prezidenti, Əməkdar hüquqşünas Əzizağa Əliyev bildirib ki, Qırğızıstan Xalqları Assambleyasının sədri Abduqani Erkebayev və bir qrup ziyalı ilə birlikdə Flüra xanımı evində ziyarət ediblər. Qonaqlar yubilyarı həm də ADR-in yaradılmasının 103-cü ildönümü münasibətilə təbrik ediblər. Yubilyara Qırğızıstan Xalqları Assambleyasının medalı, xatirə hədiyyələri və gül-çiçək dəstəsi təqdim edilib.
Qeyd edək ki, Flüra xanım Azərbaycan Demokratik Cümhuriyyətinin Milli Ordusunun qurucularından biri olan general-leytenant Əlağa Şıxlinskinin nəslinin davamçılarından biridir. O, 1931-ci ildə Azərbaycanin Qazax rayonunda dünyaya göz açıb. Stalin dönəmində ailəsi ilə birlikdə Orta Asiyaya – Aral gölü ətrafına, oradan isə Qazaxıstanın Cambul vilayətinin Korday rayonuna sürgün edilib. Qırğız Dövlət Universitetini bitirən ilk azərbaycanlı xanım olub. Taleyini təyinatını aldığı Kant şəhərinə bağlayıb. Buradakı orta məktəbdə rus dili və ədəbiyyat müəllimi, dərs hissə müdiri və məktəb direktoru olub. SSRİ və Qırğızıstan SSR-in "Təhsil əlaçısı" döş nişanına, 2005-ci ildə Kant şəhərinin fəxri vətəndaşı adına layiq görülüb.