Azərbaycanlı rəssamların əsərləri İstanbuldakı "Çağdaş Sənət” beynəlxalq sərgisində nümayiş etdirilir

02.06.2021

"Artcontact İstanbul Müasir İncəsənət Mərkəzi"nin təşkilatçılığı ilə İstanbul şəhərində "Çağdaş Sənət” beynəlxalq incəsənət sərgisinin açılış mərasimi keçirilib.
Avrasiya Nümayiş və Sənət Mərkəzində açılan sərgi pandemiya qaydalarına uyğun şəkildə təşkil edilib. Bu il dünyanın 5-ə yaxın ölkəsindən nümayəndə heyətinin sərgiyə qatılması nəzərdə tutulub. Mühüm mədəniyyət tədbirində Türkiyədə yaşayan minə yaxın yerli və xarici sənətkarın on minə yaxın rəsm əsəri və heykəltəraşlıq nümunəsi nümayiş olunur.
Onların arasında Türkiyədə yaşayan 15 azərbaycanlı rəssamın 100-ə yaxın rəsm əsəri də var. Sərgidə "AzArt" – "Türkiyədə Yaşayan Azərbaycanlı Rəssamlar Qrupu"nun xüsusi guşəsi qurulub.
Qeyd edək ki, sərginin 2020-ci ildə keçirilməsi nəzərdə tutulsa da, COVID-19 pandemiyası səbəbindən təxirə salınıb.