Niderland Krallığında Respublika gününə həsr edilmiş tədbirlər keçirilib
Avropa Azərbaycanlıları Konqresinin (AAK) təşəbbüsü ilə Niderlandın Oysterveyk və Amersfort şəhərlərində 28 May – Respublika gününə həsr olunmuş tədbirlər təşkil edilib.
Oysterveyk şəhərindəki tədbir Niderland xalqının azərbaycanlı qəhrəmanı Məmməd Məmmədovun (Medo) abidəsi önündə keçirilib. Tədbirdə AAK prezidenti Sahil Qasımov, Oysterveyk şəhərinin meri Hans Janssen, Medonun qızı Nensi Domen, Brabant Əyaləti Azərbaycanlıları Məclisinin sədri Ofelya Babayeva, DUFOA (Azərbaycanin Niderlandlı Dostları Cəmiyyəti) rəhbəri Leyla Babayeva, AzNed təşkilatinin rəhbəri Nərminə Mərdanova, AAK media qrupunun rəhbəri Elnaz Ağaxan, Qarabağ qaziləri Israfil Babayev, Elxan Əlibəyli, yerli ictimaiyyətin, diaspor təşkilatlarının, KİV-lərin nümayəndələri və azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbirdə AAK prezidenti Sahil Qasımov və şəhər meri Hans Janssen çıxış ediblər. Onlar xalqımızı və Niderlandda yaşayan soydaşlarımızı Azərbaycan Demokratik Respublikasının yaradılmasının 103-cü ildönümü münasibətilə təbrik ediblər. Dövlətimizin tarixində baş vermiş bu möhtəşəm günün əhəmiyyətindən, xalqımızın Cümhuriyyət ənənələrinə sadiqliyindən, alman faşizminə qarşı mübarizə aparan azərbaycanlı Medonun abidəsinin qəhrəmanlıq, dostluq, birlik və sülhsevərlik rəmzinə çevrildiyindən danışıblar.
S.Gasimov böyük sevinclə xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Niderlandın milli qəhrəmanı Məmməd Məmmədov Qələbənin 75 illiyi yubiley medalı ilə təltif edilib. Bu məsələdə göstərdiyi dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib. Sonra abidənin önünə şəhər meriyası və AAK adından əklillər qoyulub, gül-çiçəklər düzülüb.
Tədbir çərçivəsində Azərbaycanın ərazi bütövlüyu uğrunda canlarından keçən şəhidlərimizin, qəhrəman Medonun tarixçəsinin tədqiqatçısı, "İtkin zaman" kitabının müəllifi, vaxtilə Azərbaycanın Niderlanddakı səfirliyində çalışmış Elxan Ələsgərovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Amersfort şəhərində isə AAK numayəndələri "Rusthof" qardaslıq qəbiristanlığındakı azərbaycalı əsgərlərin məzarlarını ziyarət ediblər. Məzarlığın barelyefinin önünə əklil qoyulub, II Dünya müharibəsi dönəmində bu şəhərdə gedən döyüşlərdə həlak olmuş azərbaycanlı əsgərlərin məzarları üzərinə gül-çiçəklər düzülüb, ətrafına tər cicəklər əkilib.