Sürixdə bayram sevinci rəqslə ifadə edilib
İsveçrədə fəaliyyət göstərən "Azərbaycanın Dostları" Birliyinin təşəbbüsü ilə Sürix şəhərində 28 may - Respublika gününə həsr olunmuş tədbir keçirilib.
Açıq səma altında gerçəkləşdirilən tədbirdə İsveçrənin müxtəlif şəhərlərində yaşayan həmyerlilərimiz və qonaqlar iştirak ediblər. Tədbir iştirakçıları 103 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması münasibətilə xalqımızı və dünya azərbaycanlılarını təbrik ediblər. Azərbaycanın qalib dövlət kimi Respublika gününün 103-cü ildönümünü qürurla qeyd etməsindən məmnunluq ifadə edilib.
Tədbir çərçivəsində "Azərbaycan vətənimdir" adlı onlayn beynəlxalq rəqs müsabiqəsində birinci yeri tutan "Buta" uşaq rəqs qrupunun üzvlərinə medallar və diplomlar təqdim edilib. "Buta"nın böyüklər qrupunun Azərbaycan musiqisinin sədaları altında rəqs etməsi yerli sakinlərin diqqətini cəlb edib.