Pianoçu İslam Manafov İstanbulda 28 May - Respublika günü ilə bağlı solo konsert verib
Türkiyədə yaşayan tanınmış pianoçu, Azərbaycanın Əməkdar artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti İslam Manafovun Azərbaycan Demokratik Respublikasının (ADR) 103-cü ildönümünə həsr olunmuş konserti keçirilib.
İstanbulun məşhur Cemal Reşit Rey (CRR) salonunun səhnəsində gerçəkləşdirilən konsert karantin qaydaları səbəbindən youtube vasitəsilə yayımlanıb. Konsert zamanı dünyanın məşhur bəstəkarları Lüdviq van Bethovenin, Frederik Şopenin əsərləri ifa edilib. Konsertdən öncə İslam Manafov bütün azərbaycanlılara əziz olan Cümhuriyyətin yaranma tarixi və əldə etdiyi uğurlar barədə qısa məlumat verib.
Klassik musiqisevərlər konsert proqramının videoyazısını CRR-in youtube kanalından (https://youtu.be/DYHWlwZ8PsU) izləyə bilərlər.