Cümhuriyyət qurucularının Polşadakı fəaliyyətindən bəhs edən kitab nəşr edilib

01.06.2021

Azərbaycan Demokratik Respublikasının (ADR) 103-cü ildönümü münasibətilə Varşava Universitetinin əməkdaşı Dr.Şəhla Kazımovanın "Azərbaycan Prometeyizmi. Məhəmməd Əmin Rəsulzadənin siyasi və publisistik fəaliyyətı" adlı kitabı Varşava şəhərində nəşr edilib.
Varşava Universiteti tərəfindən çap edilən kitabda Azərbaycan tarixi üçün vacib olan bir sıra əsas məsələlər əhatə edilib. XX əsrin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatının təşəkkülü, siyasi partiyaların yaranması, İran, Türkiyə və Rusiya ilə müxtəlif əlaqələr, ADR-in yaranmasının əhəmiyyəti və fəaliyyəti, ADR-in süqutundan sonra Cümhuriyyət qurucularının Polşadakı fəaliyyəti, Prometey hərəkatındakı xidmətləri araşdırılıb.
Qeyd edək ki, Şəhla Kazımovanın eyniadlı monoqrafiyası Polşanın Xarici İşlər Nazirliyinin, Yeni Aktlar və Hərbi Arxivlərindəki mənbələr, Məhəmməd Əmin Rəsulzadənin nəşrləri, araşdırmaları və çıxışları əsasında yazılıb. Monoqrafiyaya polyak əsilli Amerika tarixçisi, Cənubi Qafqaz və Azərbaycan üzrə tanınmış mütəxəssis, professor Tadeuş Svetoxovski, tanınmış tarixçi, politoloq, Polşa Elmlər Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun professoru Voyçex Materski, gürcü tarixçisi David Kolbai, Azərbaycan əsilli alman tədqiqatçısı, professor Zaur Qasımov müsbət rəy veriblər.