Almatı şəhərində Respublika günü qeyd edilib

01.06.2021

Qazaxıstanda fəaliyyət göstərən "Ata Yurd-Nomad" Azərbaycan Etnomədəni Respublika İctimai Birliyinin təşkilatçılığı ilə Almatı şəhərində 28 may – Respublika gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən "Ata Yurd-Nomad" İctimai Birliyinin sədri Süleyman Əhmədov 103 il öncə ölkəmizin dövlətçilik tarixində baş vermiş əlamətdar hadisə münasibətilə soydaşlarımızı təbrik edib. Bildirib ki, 28 may 1918-ci il tarixində Azərbaycanda Demokratik Respublikanın qurulması xalqımızın qədim dövlətçilik ənənələrinə və demokratik dəyərlərə sadiqliyinin göstəricisi olub. Dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin məmləkətimizin müstəqilliyinin möhkəmləndirilməsi naminə göstərdiyi misilsiz xidmətlər, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımızın ötən il qazandığı parlaq qələbə Cümhuriyyət ənənələrinə bəxş edilmiş böyük töhfə kimi qiymətləndirilib.
Tədbir “Ata Yurd-Nomad" İctimai Birliyinin üzvlərinin təşəkkürnamələrlə təltif edilməsilə yekunlaşıb.