ABŞ-ın müxtəlif şəhərlərində Azərbaycan bayrağı qaldırılıb

31.05.2021

ABŞ-ın Nyu-York, Boston və Fladelfiya şəhərlərində 28 may - Respublika günü münasibətilə Azərbaycan bayrağı ucaldılıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan–NyuYork Assosiasiyasının təşəbbüsü ilə Nyu-York şəhərində Azərbaycan bayrağının təntənəli qaldırılma mərasimi keçirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünə həsr olunmuş mərasim şəhərin izdihamlı "Wall Street" küçəsində yerləşən "Bowling Green" parkında baş tutub. Mərasimdə Nyu-Yorkda yaşayan Azərbaycan icmasının fəalları və ölkəmizin BMT-dəki Daimi Nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Parkdakı nəhəng bayraq dirəyinə Azərbaycanın dövlət bayrağının ucaldılması missiyasını Azərbaycan–Nyu-York Assosiasiyasının sədri Ercan Yerdələnli və ölkəmizin BMT yanında daimi nümayəndəsinin müavini Tofiq Musayev dövlət himnimizin sədaları altında yerinə yetiriblər.
Yağışlı hava şəraitinə baxmayaraq, milli geyimlərlə tədbirə qatılan azərbaycanlı gənclər musiqi sədaları altında rəqs ediblər. Mərasim ərazidən keçən turistlərin diqqətini cəlb edib. Həmvətənlərimizə yaxınlaşaraq ölkəmiz haqqında məlumatlar alan turistlərə milli rəmzlərimizin əks olunduğu hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Azərbaycan bayrağı on gün ərzində şəhərin nəhəng bayraq meydanı kimi tanınan "Bowling Green" parkında dalğalanacaq.

ABŞ-ın Massaçusets ştatının Boston şəhərində də Nyu England–Azərbaycan Mərkəzinin rəhbəri Roza Şəhzadənin təşkilatçılığı ilə 28 may – Respublika gününə həsr olunmuş bayraq ucaltma mərasimi keçirilib.
"Boston City Hall" binası qarşısında gerçəkləşdirilən mərasim zamanı Azərbaycanın üçrəngli dövlət bayrağı təntənəli şəkildə ucaldılıb. Mərasimdə Azərbaycan icmasının üzvləri iştirak ediblər.

ABŞ-ın Pensilvaniya ştatında fəaliyyət göstərən azərbaycanlı icmasının nümayəndəsi Şirazi Abdullayevin təşəbbüsü ilə Filadelfiya şəhərində də Azərbaycanın dövlət bayrağının qaldırılma mərasimi keçirilib.
28 may – Azərbaycanın Respublika günü münasibətilə təşkil edilən mərasim şəhərin mərkəzində yerləşən "Filodelfiya City Hall" binasının önündə baş tutub. Azərbaycanın üçrəngli dövlət bayrağının təntənəli şəkildə qaldırılma mərasimində azərbaycanlı icmasının üzvləri, Dünya Ahiska Türkləri (DATÜB) və Türk-Amerika Milli Komitəsinin nümayəndəsi Məhəmməd Sami Görgülü iştirak ediblər.

Boston və Fladelfiya şəhərlərində 3 gün ərzində Azərbaycan bayrağı dalğalanacaqdır.