Lahor şəhərində Azərbaycan bayrağı ucaldılıb

31.05.2021

Azərbaycan diasporunun fəalı Şəhla İsayevanın təşəbbüsü ilə Pakistanın Lahor şəhərində Respublika günü münasibətilə Azərbaycan bayrağı qaldırılıb.
Belə ki, Pakistanın Lahor şəhərində 28 may – Azərbaycanın Respublika günü və Pakistanın nüvə silahına sahib olma günü münasibətilə mərasim keçirilib. Pakistan rəsmilərinin də qatıldığı tədbir iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycanın və Pakistanın dövlət bayraqları təntənəli şəkildə qaldırılıb.
Tədbirdə çıxış edən Pəncabın xaricdəki pakistanlılar üzrə komissiyasının (OPC) sədr müavini Vasim Axtar deyib ki, dünyanın 112 ölkəsində səfərdə olsa da, Azərbaycana səfəri onda böyük və xoş təəssürat doğurub. Azərbaycandakı insanların sosial davranışı, ölkəmizin sürətli inkişafı ona inanılmaz duyğular bəxş edib. Bir daha nəzərə çatdırılıb ki, Pakistan xalqı ötən il torpaqlarını fədakarlıqla işğaldan azad edən və ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqını dəstəkləyir, Vətən uğrunda şəhid olan azərbaycanlı hərbçiləri böyük ehtiramla yad edir.
Tədbir Pakistan mətbuatında geniş işıqlandırılıb.