Berlində Cümhuriyyət zabiti Cahangir bəy Kazımbəylinin məzarı ziyarət edilib

31.05.2021

Almaniya Azərbaycanlıları Alyansının nəzdində fəaliyyət göstərən Berlin Azərbaycan Evinin təşəbbüsü ilə Azərbaycan Demokratik Respublikasının zabiti, Gəncə üsyanına başçılıq etmiş briqada komandiri Cahangir bəy Kazımbəylinin məzarı ziyarət edilib.
Berlinin Şəhidlik Məscidində anım mərasimi zamanı üçrəngli Azərbaycan bayrağına bürünən məzarın üzərinə güllər düzülüb. Azərbaycan Evinin üzvləri Cümhuriyyət qurucularının və Azərbaycanın müstəqilliyi uğrunda qəhrəmancasına həlak olmüş şəhidlərimizin əziz xatirəsini yad ediblər. 28 May – Respublika gününün 103-cü ildönümü münasibətilə təşkil edilən ziyarət pandemiya məhdudiyyətləri ilə bağlı qaydalara uyğun şəkildə baş tutub. Qeyd edək ki, artıq neçə ildir Respublika günündə soydaşlarımızın Cahangir bəyin məzarını ziyarət etməsi və Cümhuriyyət şəhidlərini yad etməsi ənənə halını alıb.
Gəncədə dünyaya gələn C.Kazımbəyli Sankt-Peterburq Hərbi Akademiyasını bitirib, I Dünya müharibəsinin iştirakçısı olub, ADR-in Milli Ordusu yaradılanda vətənə dönüb. Cahangir bəyin və silahdaşlarının hərbi müqaviməti sayəsində bolşeviklərin Qırmızı Ordusunun 1920-ci ilin mayın 25-dən 26-na keçən gecə Gəncə şəhərini işğal etməsi planının qarşısı alınıb. Lakin həmin dövrün çətinlikləri və şərtləri 1 iyun 1920-ci il tarixində Gəncə üsyanının amansızcasına yatırılması ilə nəticələnib.
Bolşeviklərin hakimiyyətini qəbul etmədiyindən marşal Yuzef Pilsudskinin dəvəti ilə Varşavaya köçüb və Polşa ordusunda diviziya komandiri kimi xidmət edib. "Prometey" cəmiyyətində həyat yoldaşı Valiyə xanım Xoyski ilə birgə çalışıb, Azərbaycan dilində qəzet və jurnal nəşr edib, "Azəri-türk" dərnəyini yaradıb. II Dünya müharibəsi zamanı Polşa işğal olunanda sovetlərə əsir düşüb. Müxtəlif ölkələrdə yaşadıqdan sonra yenidən Almaniyada məskunlaşıb. Ömrünün sonuna kimi "Azadlıq" radiosu ilə əməkdaşlıq edib. 1953-cü ildə Amerikada nəşr edilən "Azərbaycan" milli jurnalının 12-ci nömrəsində "Gəncə üsyanı haqqında xatirələr" adlı məqaləsi dərc olunub.