Samara şəhərində Respublika günü və Nizami Gəncəvinin 880 illiyi təntənə ilə qeyd edilib
Rusiyanın Samara şəhər dairəsi administrasiyasının dəstəyi və Samara vilayəti Azərbaycanlıları Liqasının sədri Şirvan Kərimovun təşəbbüsü və təşkilatçılığı ilə Samara şəhərində "Azərbaycan Mədəniyyəti Günləri" layihəsi çərçivəsində bayram tədbiri keçirilib.
Şəhərin "Qələbə" Mədəniyyət Sarayında təşkil edilən təntənəli mərasim 3 mühüm tarixi hadisəyə – Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 103-cü ildönümünə, Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə və Samara Quberniyasının təsis olmasının 170 illiyinə həsr edilib. Bayram gecəsində vilayətin hökümət və bələdiyyə üzvləri, yerli ictimaiyyətin nümayəndələri, müxtəlif millətlərin təmsil olunduqları milli-mədəni ictimai təşkilatların liderləri, fəalları və soydaşlarımız iştirak ediblər.
Ədəbi-musiqili gecədə Samara vilayəti Azərbaycanlıları Liqasının nəzdində fəaliyyət göstərən yaradıcı kollektivlərin üzvləri rəngarəng repertuar təqdim ediblər. Qüdrətli söz ustadı Nizami Gəncəvinin qəzəlləri, onun sözlərinə bəstələnmiş əsərlər, Azərbaycana həsr olunmuş mahnılar səsləndirilib, milli rəqslər ifa edilib. Beynəlxalq musiqi festivallarının laureatları Aida Əkbərovanın, İntiqam Abdullayevin, Liqanın idarə heyətinin üzvləri Rövşən Quliyev və Asif Bakinskinin, "Xəyal" və "Alpan" rəqs kollektivlərinin çıxışları alqışlarla qarşılanıb. Səhnədə quraşdırılmış iri monitorda Nizami Gəncəvinin yaradıcılığını, ADR-in fəaliyyətini, Azərbaycanın müstəqillik tarixini, 44 günlük Vətən müharibəsində hərbçilərimizin qəhrəmanlığını əks etdirən görüntülər nümayiş olunub. Tədbir "Qarabag şikəstəsi"nin ifası və soydaşlarımızın "Qarabağ Azərbaycandır" şüarını çoşğulu şəkildə səsləndirməsilə yekunlaşıb.
Tədbir "Rossiya" Dövlət Teleradio şirkəti, Samara viayətinin "Quberniya" və Samara şəhərinin "GİS" telekanalları tərəfindən işıqlandırıb.