Türkiyə–Azərbaycan dərnəklərinin rəhbərləri xalqımızı Respublika günü münasibətilə təbrik ediblər

31.05.2021

İstanbul Türkiyə–Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin təşkilatçılığı ilə İstanbul şəhərinin Kadıköy rayonunda Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Pandemiya məhdudiyyətləri ilə bağlı qaydalara uyğun şəkildə təşkil edilmiş tədbirdə dərnəyin sədri Səfər Qaraqoyunlu xalqımızı və Türk Dünyasını bu əlamətdar hadisə münasibətilə təbrik edib. Müsəlman Şərqində ilk dünyəvi və demokratik respublikanın 28 may 1918-ci il tarixində Azərbaycanda qurulduğunu xatırladan natiq qeyd edib ki, ADR fəaliyyəti və nümayiş etdirdiyi demokratik dəyərləri ilə bir çox ölkələrə örnək olub. "23 ay sonra Azərbaycan müstəqilliyini itirdi, amma müstəqillik ruhunu əsla itirmədi. 70 il əsarət altında qaldı. 1990-cı ildə yenidən Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi "Bir kərə yüksələn bayraq, bir daha enməz!" nidaları ilə Azərbaycan xalqı Azadlıq meydanına çıxdı. Tankların önündə "Ya istiqlal, ya ölüm!" mücadiləsi verdi. Müstəqilliyin asan başa gəlmədiyini bir daha dünyaya sübut etdi və böyük mücadilələrin sonunda 18 oktyabr 1991-ci ildə Azərbaycan yenidən ikinci dəfə müstəqilliyini qazandı", - deyə S.Qaraqoyunlu nəzərə çatdırıb.
Türkiyənin https://www.sabah.com.tr xəbər portalına açıqlamasında Türkiyə–Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının fəxri prezidenti, Türkiyənin sabiq millət vəkili Yücel Artantaş bütün Türk Dünyasını 28 may – Respublika günü münasibətilə təbrik edib. "Türk Dünyası bütöv olaraq qəbul edilməlidir. İşğal altındakı torpaqlarını azad edən Azərbaycanın Respublika günü mübarək olsun!", - deyə Y.Artantaş bildirib.
Qeyd edək ki, Yücel Artantaş dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə 2006-cı il 13 mart tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunub.
Təbrik mətni ilə bu linkdə tanış olmaq mümkündür:
https://www.sabah.com.tr/igdir/2021/05/29/artantas-azerbaycan-sonsuza-kadar-yasayacaktir