Şərqi Avropa ölkələrində Respublika günü qeyd edilib

31.05.2021

Şərqi Avropanın Latviya, Yunanıstan və Çex Respublikasında fəaliyyət göstərən azərbaycanlı icmalarının təşkilatçılığı ilə Riqa, Saloniki və Praqa şəhərlərində 28 may – Respublika gününə həsr olunmuş müxtəlif tədbirlər keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Baltikyanı Azərbaycanlıların Koordinasiya Şurasının Latviya üzrə əlaqələndiricisi Amil Səlimovun təşəbbüsü ilə Riqa şəhərinin mərkəzində Azərbaycanın Respublika günü ilə bağlı məlumatın əks olunduğu iri lövhə quraşdırılıb.
"Qala" Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun təşəbbüsü ilə Saloniki şəhərində fəaliyyət göstərən Azərbaycan Evində şahmat turniri keçirilib. Respublika Gününün 103-cü ildönümünə həsr olunmuş turnirdə soydaşlarımızla yanaşı bu şəhərdə yaşayan dost icmaların üzvləri də iştirak ediblər. Turnir qaliblərin mükafatlandırılması ilə yekunlaşıb.
"Çex Respublikasında azərbaycan icması"nın sədri Eldar Vəliyevin təşəbbüsü ilə Praqa şəhərində yaşayan soydaşlarımız bir araya gəliblər. Tədbirdə çıxış edən E.Vəliyev xalqımızı və dünya azərbaycanlılarını bu əzəmətli bayram münasibətilə təbrik edib. Soydaşlarımız Respublika gününün 103-cü ildönümünün qalib xalq kimi qürur və sevinc hissi ilə qeyd edilməsindən məmnun olduqlarını ifadə ediblər.