Haaqa şəhərində Respublika günü qeyd edilib
Niderland Krallığında fəaliyyət göstərən Hollanda Azərbaycan–Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə Haaqa şəhərində 28 may – Respublika gününə həsr olunmuş toplantı keçirilib.
Pandemiya məhdudiyyətləri ilə bağlı qaydalara uyğun şəkildə baş tutan tədbirdə dərnəyin sədri İlhan Aşkın və başqaları çıxış ediblər. 103 il öncə Azərbaycanın dövlətçilik tarixində baş vermiş əlamətdar hadisənin əhəmiyyəti və rolu barədə ətraflı məlumat verilib. Türk-islam dünyasında ilk dəfə Azərbaycanda dünyəvi, demokratik respublikanın qurulduğu, qadınlara səsvermə hüququnun verildiyi, çoxpartiyalı sistemin və demokratik institutların təşəkkül tapdığı, fundamental azadlıqların qorunduğu, ictimai-siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə islahatların aparıldığı nəzərə çatdırılıb.
ADR-in yaranmasının 103-cü ildönümünün qalib Azərbaycanda xüsusi qürur hissi ilə qeyd edildiyi vurğulanıb.