Tallində 28 may - Respublika günü təntənəli şəkildə qeyd edilib

31.05.2021

Estoniyada fəaliyyət göstərən Azərbaycan Evinin təşkilatçılığı və Riqadakı Azərbaycan Ticarət Evinin dəstəyi ilə Tallinn şəhərindəki qədim Niguliste kilsəsində 28 may – Respublika gününün 103-cü ildönümünə həsr olunmuş bayram tədbiri keçirilib.
Tədbirdə Riigikogu üzvü Mixail Korb, Estoniya Mədəniyyət Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Anne-Ly Reimaa, Türkiyənin Estoniyadakı səfiri İnan Özyıldız, Kristina rayonunun bələdiyyə rəhbəri Yanus Riibe, Estoniya–Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, İnteqrasiya Fondunun, Azərbaycanın və Türkiyənin Estoniyadakı səfirliklərinin əməkdaşları, vətəndaş cəmiyyətinin, müxtəlif icmaların, Azərbaycan diasporunun nümayəndələri, azərbaycanlı tələbələr və KİV təmsilçiləri iştirak ediblər.
Dövlət himninin səsləndirililməsi ilə başlayan tədbirdə giriş sözü ilə Estoniya–Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev çıxış edib. Dünya azərbaycanlılarını Respublika günü münasibətilə təbrik edən mərkəz sədri Azərbaycan Demokratik Respublikasının fəaliyyəti, həyata keçirdiyi islahatlar, əldə etdiyi uğurlar, xalqımızın qədim dövlətçilik ənənələrini yaşadan Cümhuriyyət qurucuları barədə ətraflı məlumat verib. 1991-ci ildə dövlət müstəqilliyi bərqərar olunduqdan sonra dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin müasir Azərbaycanın regionun qabaqcıl ölkəsinə çevrilməsi istiqamətində misilsiz xidmətlər göstərdiyi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyi nəzərə çatdırılıb. Bu il Respublika gününün 103-cü ildönümünün qalib xalq kimi qürur hissi ilə qeyd edildiyi vurğulanıb.
Tədbirdə Azərbaycanda eston icmasının 111 il, Estoniyada isə Azərbaycan diasporunun 33 il öncə yaradıldığı, eston xalqının nümayəndəsi Kert Yohansonun ölkəmizdə orqan musiqisinin təbliğində böyük rol oynadığı, Estoniyada Azərbaycan Evinin fəaliyyət göstərdiyi və s. faktlar xalqlarımız arasında dostluğun bariz nümunəsi kimi qiymətləndirilib. İcmalararası birgə əməkdaşlığın dəstəklənməsinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə və Azərbaycan Diasporuna Dəstək Fonduna təşəkkür bildirilib.
Tədbirin bədii hissəsi orqan musiqisindən ibarət konsert proqramı ilə davam etdirilib. Konsertdə azərbaycanlı musiqiçi Natəvan Quliyeva (orqan), Andres Uibo (orqan), Mari Liis Uibo (skripka), Priit Aimla (trompet), Ka Bo Çan (kontratenor) çıxış ediblər.