Türkiyənin İğdır şəhərində Respublika günü qeyd edilib

31.05.2021

İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşkilatçılığı və ölkəmizin Qarsdakı Baş konsulluğunun dəstəyi ilə İğdır şəhərində 28 may – Respublika günü münasibətilə təntənəli tədbir keçirilib.
Tədbirdə Türkiyə rəsmiləri, yerli hakimiyyət orqanlarının rəhbərləri, QHT və KİV təmsilçiləri, vətəndaş cəmiyyətinin nüfuzlu şəxsləri iştirak ediblər. Mərasim şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsilə başlayıb.
Tədbirdə çıxış edən Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev, İğdır valisi Hüseyn Engin Sarıibrahim və İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar xalqımızı və bütün Türk Dünyasını Azərbaycanın Respublika günü münasibətilə təbrik ediblər. Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən və fəaliyyətindən danışılıb, Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə ölkəmizin dövlət müstəqilliyinin dönməzliyini təhdid edən təhlükələrin aradan qaldırıldığına, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərin sayəsində Respublika gününün 103-cü ildönümünün əsl bayram ovqatı ilə qeyd edildiyi nəzərə çatdırılıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və sağlamlıqlarını itirən qazilərimizin, onların ailə üzvlərinin ən ülvi ehtiramlara layiq olduqları vurğulanıb.
Çıxış edənlər əmin olduqlarını bildiriblər ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi dostluq və qardaşlıq münasibətləri, qəbul olunan qətiyyətli siyasi qərarlar və atılan real addımlar iki qardaş ölkənin dinamik inkişafını bundan sonra da qoruyacaq.