Buxarestdə Respublika günü təntənəli şəkildə qeyd edilib

31.05.2021

Rumıniyanın paytaxtı Buxarest şəhərində 28 may – Respublika günü münasibətilə rəsmi qəbul keçirilib.
Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirdə Rumıniya Prezident Administrasiyasının, Senatının, Nazirlər Kabinetinin, Xarici İşlər Nazirliyinin əməkdaşları, deputatlar, elm, mədəniyyət, təhsil, dini xadimlər, tanınmış iş adamları, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, Azərbaycan diasporunun üzvləri, bu ölkədə təhsil alan azərbaycanlılar və KİV nümayəndələri iştirak ediblər.
Azərbaycanın və Rumıniyanın Dövlət himnlərinin səsləndirilməsilə başlayan tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfov və Rumıniya Senatının sədri Anka Draqu çıxış ediblər. Natiqlər 28 may tarixində qeyd edilən Respublika gününün dünya azərbaycanlıları üçün tarixi əhəmiyyət kəsb edən hadisə olduğunu diqqətə çatdırıblar və xalqımızı bu böyük hadisə münasibətilə təbrik ediblər. Azərbaycanın müsəlman Şərqində qadınlara seçki hüququ verən ilk parlamentli respublika kimi tarixə düşdüyü, 1991-ci ildə Rumıniyanın Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk Avropa ölkəsi olduğu, münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə çatdığı vurğulanıb, iki ölkə arasındakı iqtisadi münasibətlərin daha da genişləndirilməsinə ümid ifadə edilib.
Tədbir zamanı Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, eləcə də ölkəmizin tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizmi ilə bağlı videoçarxlar nümayiş etdirilib, milli mahnılarımız səsləndirilib, milli mətbəx nümunələri təqdim olunub.