Sidneydə Respublika günü qeyd edilib
Avstraliya İttifaqında fəaliyyət göstərən Avstraliya–Azərbaycan Assosiasiyasının (AAA) təşəbbüsü ilə Sidney şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünə həsr edilmiş toplantı keçirilib.
Azərbaycan və Avstraliyanın dövlət himnlərinin səsləndirilməsilə başlayan tədbirdə yerli millət vəkilləri, siyasətçilər, Azərbaycan və Türkiyənin diplomatları, diaspor nümayəndələri iştirak ediblər.
Toplantını giriş sözü ilə açan Assosiasiya rəhbəri Mikayıl Oyta müsəlman aləmində ilk dünyəvi və demokratik respublika quruluşuna malik olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, fəaliyyəti və əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib. Görkəmli dövlət xadimi Heydər Əliyevin müasir Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərindən, onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən ilki 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad edilməsindən danışıb. Bildirib ki, Qarabağdakı parlaq Qələbə xalqımızın Respublika gününün 103-cü ildönümünü xüsusi qürur və fəxarət hissi ilə qarşılamasına səbəb olub.
Tədbirdə Avstraliya İttifaqının millət vəkili Lori Ferqyuson, millət vəkili Julia Finni təmsil edən bələdiyyə başkanı müavini Kun Huanq, Azərbaycanın Avstraliya İttifaqındakı müvəqqəti işlər vəkili Ramil Qurbanov, Türkiyənin Avstraliyadakı Baş konsulunun müavinləri Yildıray Kirçali və Dundar Evliyaoğlu, Şri-Lankanın Avstraliyadakı Baş konsulu Lakşman Hulugalle, Azərbaycan Demokratik Türk Birliyinin departament rəhbəri Sara Azərsun, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının Avstraliyadakı təmsilçisi Sinan Ketenceoğlu və başqaları çıxış edərək bu əlamətdar hadisə münasibətilə xalqımızı və Türk Dünyasını təbrik ediblər.