Əl-Küveyt şəhərində Respublika Gününə həsr olunmuş aksiya təşkil edilib

31.05.2021

"Vətənsevər" Azərbaycan–Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadənin təşəbbüsü ilə Əl-Küveyt şəhərində 28 may - Respublika Gününə həsr olunmuş aksiya keçirilib.
Aksiya zamanı Könül Hacızadə öz ailə üzvləri ilə birlikdə Azərbaycan, Türkiyə və Küveytin dövlət bayraqlarına bürünərək şəhərin mərkəzi küçələrində gəzintiyə çıxıblar. Bu, yerli sakinlərin marağına səbəb olub. Bayraq aksiyasının səbəbi ilə maraqlananlara 103 il öncə Azərbaycanda baş verən mühüm hadisə barədə ətraflı məlumat verilib. Bildirilib ki, 1918-ci il mayın 28-də türk-islam dünyasında ilk dəfə olaraq parlamentli respublika, demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edilib.
Yerli sakinlər Küveytin dövlət bayrağını da Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı görməkdən məmnun olduqlarını ifadə ediblər.