Osterveyk şəhər meri Respublika Günü münasibətilə xalqımızı təbrik edib

31.05.2021

Niderland Krallığının Osterveyk şəhərinin meri Hans Janssen 28 may - Respublika Gününün 103-cü ildönümü münasibətilə xalqımıza müraciət edib.
Merin Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Sahil Qasımova ünvanladığı məktubda bildirib ki, Azərbaycan Demokratik Cümhuriyyətinin 103-cü ildönümü COVID-19 pandemiyası səbəbindən çox çətin dövrə təsadüf edib, halbuki bu tarixi gün təntənəli şəkildə bayram edilməyə layiqdir.
Mer Osterveyk şəhərinin fəxri vətəndaşı Məmməd Məmmədovu xatırladaraq bildirib ki, azərbaycanlı qəhrəman həm doğulduğu, həm də yaşadığı ölkələri əziz tuturdu və dünya vətəndaşına çevrilməyi bacarmışdı.
Mer xalqımızı və AAK üzvlərini bu tarixi gün münasibətilə təbrik edib, ölkəmizə çiçəklənməyi və tezliklə pandemiyanı arxada qoymağı arzulayıb.