ABŞ-ın Solt Leyk şəhərində Respublika Gününə həsr olunmuş festival təşkil edilib

28.05.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, Yuta–Azərbaycan İcmasının nümayəndəsi Əsmər Qarayevanın təşkilatçılığı ilə Solt Leyk şəhərində 28 may – Respublika Gününə həsr olunmuş festival keçirilib.
Şəhərin mərkəzi "The Gateway" meydanında təşkil olunmuş festival Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Əsmər Qarayeva amerikalı qonaqların nəzərinə çatdırıb ki, dünya azərbaycanlıları, o cümlədən ABŞ-da yaşayan soydaşlarımız böyük qürur hissi ilə 103 il öncə Azərbaycanın dövlətçilik tarixində baş vermiş mühüm hadisəni – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin qurulmasını qeyd edirlər. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən və fəaliyyətindən, 1991-ci ildə xalqımızın dövlət müstəqilliyinin bərpasına nail olmasından, ötən il 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsindən danışıb.
Qeyd edək ki, festivalın təşkil olunduğu ərazi Azərbaycanın dövlət bayraqları ilə bəzədilib, məmləkətimizin xəritəsini, qədim tarixini, zəngin mədəniyyətini əks etdirən fotosərgi nümayiş etdirilib. Onların arasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinə çəkilmiş miniatürlər, Bakı şəhərinin və Qarabağın tarixi abidələrini, milli mətbəx nümunələrini və çay dəstgahını əks etdirən şəkillər təqdim olunub. Azərbaycanda 2021-ci ilin "Nizami Gəncəvi İli" elan olunduğuna diqqət cəlb edilib.
Sərgi yerli sakinlərin böyük marağına səbəb olub. Qonaqlar Azərbaycan mədəniyyətinin zənginliyinə heyran olduqlarını ifadə ediblər. Tədbir zamanı Azərbaycan mətbəxinin nümunələri təqdim edilib, milli və klassik musiqimiz səsləndirilib.