Stokholm şəhərində Azərbaycan bayrağı ucaldılıb
İsveçdə fəaliyyət göstərən azərbaycanlı icmasının təşkilatçılığı ilə Stokholm şəhərində 28 may – Respublika Gününün 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Paytaxtın mərkəzindəki Radisson Blu Royal Viking Hoteldə pandemiya qaydalarına uyğun şəkildə baş tutan toplantıda "Azərbaycan naminə" təşkilatın, "SAF" İsveç-Azərbaycan Mədəniyyət Dərnəyinin, "Qarabağ" mədəniyyət təşkilatının, SAMM TV-nin və "Starka kvinnor" dərnəyinin rəhbərləri iştirak ediblər. Tədbirdə çıxış edən Abdulla Amir Cavanşir Haşimi, Nadir Hollenbrand, Rahim Sadıqbəyli, Sevda Dadaşova və Rza Qaraçay dünya azərbaycanlılarını Respublika Günü münasibətilə təbrik ediblər.
Qeyd edilib ki, Azərbaycanın ötən il Vətən müharibəsində əldə etdiyi parlaq Qələbə dövlətçilik tariximizdə 103 il öncə baş verən bu əlamətdar hadisənin xüsusi qürur və fəxarət hissi ilə keçirilməsini təmin edib.
Soydaşlarımızın təşəbbüsü ilə tədbir keçirilən binanın üzərində üçrəngli Azərbaycan bayrağı qaldırılıb.