"Azərbaycan nağılları" kitabı Niderland dilində nəşr olunub

27.05.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycanın Niderland Krallığındakı səfirliyinin təşəbbüsü ilə bu ölkədə ilk dəfə “Azərbaycan nağılları” kitabı Niderland dilində nəşr olunub.
Kitabın hazırlanma prosesinə Niderlandda yaşayan Azərbaycan və Türkiyə icmaları cəlb olunub. Onların fəallığı sayəsində nağıllar toplusu Azərbaycan dilindən Niderland dilinə tərcümə olunub, milli koloritdə rəngli illüstrasiyalar hazırlanıb və nəşriyyatda çap edilib. Kitaba "Cırtdan", "Göyçək Fatma", "Usta və şəyirdi", "Tənbəl Əhməd" və "Daşdəmir" kimi qədim Azərbaycan nağılları daxil edilib.
Təqdirəlayiq haldır ki, bu mədəni hadisə 28 may – Respublika Günü ərəfəsinə təsadüf edib. Kitabın Haaqa Uşaq Muzeyində təqdimat mərasiminin keçiriləcəyi nəzərdə tutulub.
1 iyun – Beynəlxalq Uşaq Günündə isə "Azərbaycan nağıllar" kitabı ölkədəki Kral və parlament kitabxanalarına, Təhsil Nazirliyinə, digər aidiyyəti dövlət və qeyri-dövlət qurumlarına, tədris ocaqlarına, reabilitasiya mərkəzlərinə, uşaq xəstəxanalarına, elm və mədəniyyət ocaqlarına hədiyyə ediləcək.