ABŞ-ın müxtəlif şəhərlərində 28 may tarixi Azərbaycan Respublikası Günü elan edilib

26.05.2021

ABŞ-ın İllinoys ştatının Çikaqo, Şimali Karolina ştatının Durhem, Fayetevillla, Apeks, Şarlotta, Keri, Cənubi Karolina ştatının Greer şəhərlərində 28 may 2021-ci il tarixinin Azərbaycan Respublikası Günü kimi tanınmasına dair bəyanatlar qəbul edilib.
Çikaqo şəhər meri Lori Laytfut, Durhem şəhər meri Stefan Şevel, Fayetevillla şəhər meri Mitç Kalvin, Apeks şəhər meri Jakues K.Gilbert, Şarlotta şəhər meri Aleksandr Lylesin, Keri şəhər meri Harold Veynbreçtin, Greer şəhər meri Riçard V.Dannerin imzaladıqları bəyanatlarda bildirilib ki, sözügedən şəhərlər yarandıqları gündən bəri dünyanın hər yerindən fərqli mədəni irslə tanınan müxtəlif icmaların evinə çevrilib. Bu, şəhərlərdə sənət və musiqi, ticarət və maliyyə, qanun və hökumət, təhsil və sosial xidmət, elm və tibb sahələrinin inkişafına öz töhfələrini bəxş edən qürurlu Amerika Azərbaycanlıları İcmasına da aiddir.
Bildirilib ki, Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi (ACMA) və Şimali Karolinada fəaliyyət göstərən azərbaycanlı icması Çikaqo, Durhem, Fayetevillla, Apeks, Şarlotta şəhərləri və Azərbaycan arasında mədəniyyətlərarası anlaşmanı təşviq etmək, daha yaxşı şəhər və cəmiyyət üçün çalışırlar. "Bu səbəbdən 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranmasının növbəti ildönümü münasibətilə 28 may 2021-ci il tarixinin Azərbaycan Respublikası Günü kimi tanınmasını elan edirəm", - deyə nəzərə çatdırılıb.
Qeyd edək ki, bəyanatlar İllinoys şatatında Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədovun və Mehriban Məmmədovanın, Şimali və Cənubi Karolina ştatlarında isə "Azərbaycan Dostluq Təşkilatının" rəhbərli Adika İqbalın təşəbbüsləri ilə qəbul edilib.